Ev muzeyi Azərbaycanda öz xalqının ictimai fikrinin formalaşması tarixində mühüm xidmətləri olmuş, görkəmli yazıçı, dramaturq, böyük demokrat, xalq müəllimi, ictimai xadim, publisist, Şərqdə ilk satirik jurnal – "Molla Nəsrəddin"-in yaradıcısı və bununla Azərbaycanda mollanəsrəddinçilik ədəbi məktəbinin əsasını qoymuş C.Məmmədquluzadənin həyat və fəaliyyəti ilə tanış edir.
Muzey - ədibin ömrünün son illərini (1922 – 1932) yaşayıb yaratdığı S.Tağızadə küçəsi 56 ünvanında ( tarixi ünvanı : Köhnə Poçt küç.64) yerləşən binanın üçüncü mərtəbəsində , 26 nömrəli mənzildə yerləşir. Ümumi sahəsi 185 kv.m. olan muzeyin ekspozisiya sahəsi 96 kv.m olan 5 otaqda yerləşir. Otaqlardan üçünün ( ikinci, üçüncü və beşinci) ekspozisiyası tarixi - memorial əhəmiyyətinə müvafiq olaraq tərtib edilmişdir.
Birinci otaqda əks olunan sənədlər və fotolar, ədibin gəncliyi, təhsil illəri , müəlimlik fəaliyyəti, ədəbi fəaliyyətinin ilk dövrü, Naxçıvan mühiti , ilk Teatr yaradıcılığı haqqında məlumat verilir. Ədibin yaşadığı dövr və mühitə uyğunlaşdırılmış ikinci otaqda qədim mebel dəsti , məişət və ev əşyaları dolğun təəssürat yaradır. Otaqda həmçinin ədibin nəsr yaradıcılığı və ilk jurnalistik fəaliyyəti haqqında materiallar yerləşdirilmişdir.
Üçüncü otaqda qoyulmuş əşyalar ,foto və sənədlər ədibin ailəsi haqqında daha ətraflı məlumat verməyə imkan yaradır: - Çarpayı , qarderob şkafı , bəzək stolu , xalılar , ailə şəkilləri və s.
Dördüncü otaqda yerləşdirilmiş materiallar ( tarixi sənədlər, fotolar , çap məhsulları , tarixi "Molla Nəsrəddin" jurnalının orijinalları ) ədibin jurnalistika fəaliyyəti , mollanəsrəddinçi qələm dostları , bütövlükdə Azərbaycanın jurnalistika tarixi haqqında geniş məlumat verir. Bu otaqda həm də ədibin dramaturgiya fəaliyyətini əks etdirən, müəllifinə ədəbi şö
hrət gətirmiş: “Ölülər” , “Dəli yığıncağı “ , “Anamın kitabı “ dramları və bir sıra povest və hekayələri (“Danabaş kəndinin əhvalatları “ , “Kamança” , “Qurbvanəli bəy “ və s.) haqqında materiallar. həmçinin "Molla Nəsrəddin" jurnalının Təbriz nəşrləri , ədibin mollanəsrəddinçi qələmdaşlarından Ö.F.Nemanzadə , M.Ə.Sabir , Ə.Haqverdiyev , Ə.Qəmküsar , Ə.Nəzmi , M.Sidqi haqqında materiallar və "Molla Nəsrəddin" in müxtəlif illərdə nəşr olunmuş nömrələrindən nümunələr yerləşdirilmişdir.
Sonuncu – beşinci otaq ədibin iş otağıdır. Tarixən "Molla Nəsrəddin" jurnalının redaksiya otağı (1922 – 1932) olmuşdur. Burada ədibə məxsus iş masası,
yazı ləvazimatları , "Molla Nəsrəddin" jurnalının birinci il ( 7 aprel 1906 ) nəşrinin orijinalları göstərilir. Otaqda ədibin kitab şkafı , divar saatı və digər əşyalar qoyulmuşdur. Divarda, yerləşdirilmiş xəritə "Molla Nəsrəddin" jurnalının yayılma troyektoriyasını geniş əks etdirir.
Bu otaqda ədibin həyat və yaradıcılığını tədqiq etmiş alimlər haqqında da geniş informasiya verən sənədlər və fotolar yerləşdirilmişdir. C. Məmmədquluzadənin 125 illik yubiley ilində, 1994 – cü ilin 28 dekabr tarixində ölkə prezidenti Heydər Əliyev muzeyin ekspozisiyasının açılışında iştirak etmiş , muzey əməkdaşlarına uğurlar və xoş arzularını bildirmişdir.